Tranzit böhranı, yoxsa siyasi qarşıdurma?| Ermənistan-Gürcüstan münasibətlərində gərginlik dalğası yüksəlir

2025/05/bacia-1748509471.jpg
Oxunub: 730     15:31     27 İyun 2025    
Ermənistan-Gürcüstan münasibətləri son dövrlərdə həm iqtisadi, həm də siyasi aspektlərdən ciddi sınaq mərhələsinə daxil olub. Son hadisələr göstərir ki, bu böhran yalnız malların tranziti və gömrük prosedurlarındakı çətinliklərlə məhdudlaşmır – onun arxasında daha dərin siyasi və təhlükəsizlik dilemması dayanır. Xüsusilə də Gürcüstanla Ermənistan arasında uzun müddətdir mövcud olan strateji tərəfdaşlıq ritorikasının praktikaya keçməməsi və yerini qarşılıqlı ittihamlara verməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Son günlərdə Ermənistan mənşəli yük maşınlarının Gürcüstan-Rusiya sərhədində saxlanılması və bu malların tranzitinə icazə verilməməsi Ermənistan ictimaiyyətində ciddi narahatlıq doğurub. Ermənistan tərəfi bu hadisəni daha çox iqtisadi çərçivədə izah etməyə çalışır, rəsmi şəxslər isə ictimaiyyətə yalnız pərakəndə və qeyri-dolğun məlumatlar təqdim edir. Halbuki bu vəziyyət bir neçə aydır davam edir və belə uzunmüddətli qeyri-müəyyənlik təsadüfi ola bilməz.

Gürcüstan isə öz növbəsində təhlükəsizlik və tranzit qaydalarına ciddi yanaşdığını bildirir. Bu isə o deməkdir ki, Ermənistanın bu məsələdə üzərinə düşən öhdəlikləri tam yerinə yetirib-yetirmədiyi sual altındadır. Əgər İrəvan tranzit prosesində beynəlxalq standartlara uyğun şəffaflıq nümayiş etdirmirsə, bu zaman qarşılaşdığı maneələrin məsuliyyətini də bölüşməlidir.

Digər tərəfdən hadisələrin gedişatı göstərir ki, Ermənistan-Gürcüstan münasibətlərində yaşanan gərginliyin arxasında təkcə iqtisadi səbəblər deyil, həm də konkret bir hüquqi-siyasi hadisə – Giorgi Baçiaşvilinin Ermənistana qaçışı dayanır. Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin yaxın ətrafına daxil olmuş və milyardlarla vəsaiti mənimsəməkdə ittiham edilən Baçiaşvilinin mart ayında Gürcüstandan qaçaraq Ermənistana keçməsi, daha sonra isə ələ keçirilərək Gürcüstana qaytarılması ciddi rezonans doğurub.

Bu hadisə, təkcə Gürcüstan üçün deyil, həm də regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Baçiaşvili Ermənistan ərazisində gizləndikdən sonra ya Ermənistanın onu təhvil verməkdən imtina etməsi, ya da digər vasitələrlə Gürcüstana qaytarılması nəticəsində sərhəddə ələ keçirilib.

Bu, Ermənistanın hüquqi əməkdaşlıqdan yayınması, cinayətkara sığınacaq təqdim etməsi və məsuliyyətdən yayınmaq məqsədilə dezinformasiyaya əl atması kimi qəbul edilir. Ermənistan mediasında Baçiaşvilinin guya Azərbaycanda gizləndiyi iddialarının tirajlanması isə məsələni daha da ciddiləşdirmişdi.

Əks mövqedə isə Azərbaycan və Gürcüstanın birgə fəaliyyət göstərərək bu hadisədə effektiv hüquqi əməkdaşlıq nümayiş etdirməsi diqqət çəkirdi. Baçiaşvilinin sərhəddə yaxalanması təkcə hüquqi prosedurların deyil, həm də regional təhlükəsizlik arxitekturasının birgə işləyə bildiyini sübut etdi. Azərbaycan bu prosesdə neytral və konstruktiv mövqe tutaraq, bölgədə cinayətkarlığın yayılmasının qarşısının alınmasına töhfə verdi.

Bu fakt Ermənistanın regional hüquqi və siyasi izolyasiyasını daha da dərinləşdirdi. Eyni zamanda Ermənistan-Gürcüstan münasibətlərində güvən böhranının əsas səbəblərindən birinin Ermənistanın hüquqi məsuliyyətlərdən yayınması olduğu qənaətini gücləndirdi.

Beləliklə, Ermənistan və Gürcüstan arasında bir il yarım əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyanatı fonunda yaşanan bu gərginliklər tərəflər arasındakı real münasibətlərin həmin bəyanatın ruhuna uyğun olmadığını nümayiş etdirir. Əgər qarşılıqlı hörmət və şəffaflıq prinsipləri qorunmur, dövlət strukturları qeyri-rəsmi yollarla proseslərə cəlb olunursa, bu zaman etimad böhranının dərinləşməsi qaçılmazdır.

Ermənistan tərəfindən yüklərin tranzitindəki maneələrin sadəcə iqtisadi izahı problemin köklərinə toxunmur. Əksinə, Baçiaşvili olayı göstərir ki, bu hadisə Gürcüstanın Ermənistanla olan münasibətlərində yeni təhlükəsizlik prioritetlərini gündəmə gətirib və İrəvanın regiondakı sabitlik üçün etibarlı tərəfdaş olub-olmadığı sual altına alınıb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin